Əli Novruzov
1 Fevral 2023, 0:02Azərbaycan solunun tarixində Məhəmməd Əmin Rəsulzadənin rolu | II hissə - Sosial-demokratiyadan millətçiliyə doğru təkamül

Cənubi Qafqazda, xüsusilə Bakıda sosialist hərəkatının güclənməsi çar hökumətinin adekvat addımlar atması ilə nəticələndi. Əvvəlcə Rəsulzadənin də yazılarının yer aldığı bolşevik qəzeti Dəvət-Qoç 16-cı sayından sonra Bakının qubernatoru tərəfindən bağlandı. Ardınca da 1907-ci ilin martında sosial-demokrat Təkamül qəzeti də çar polisinin təzyiqi ilə bağlandı. Çar hökuməti Hümmət sosial-demokrat partiyasının da təsir gücündən çəkindi. Bununla da 1907-ci ildə Hümmət təşkilatının çar hökuməti tərəfindən dağıdılması və qəzetin bağlanması ilə Rəsulzadə daxil partiyanın bir sıra üzvləri də təzyiqə məruz qaldılar. Nəticədə partiyanın Nərimanov, Əfəndiyev və Bünyad Sərdarov kimi üzvləri həbs edildi. Rəsulzadə, İbrahim Əbilov və Dadaş Bünyadzadə isə İrana mühacirət etdi.
Rəsulzadənin 1909-cu ildən başlayaraq 1911-ci ilə qədər davam edən İrandakı siyasi fəaliyyəti artıq Rəsulzadənin siyasi görüşlərinin sosial-demokratiyadan millətçiliyə doğru təkamül etməyə başladığı illərə təsadüf edir. Təsadüfi deyil ki, bir gün Azərbaycan (türk) millətçiliyinin əsas avanqardı olacaq Rəsulzadə İrandakı fəaliyyəti illərində İran millətçisi kimi çıxış edirdi (Swietochowski, 1988: 102). Yalnız şah rejiminin və çar hökumətinin təqiblərindən xilas olmaq üçün Rəsulzadə 1911-ci ilin mayında İranı tərk edərək İstanbula gedir. Rəsulzadənin İstanbuldakı fəaliyyəti onun dünyagörüşündə dəyişiklik yaradır. İran inqilabı illərində İran millətçiliyini müdafiə edən Rəsulzadənin ideoloji baxışları türkçülüyə doğru dəyişir. Rəsulzadənin siyasi görüşlərində İran millətçiliyinə və İran millətçiliyindən də türk millətçiliyinə doğru dəyişiklik onun artıq bolşevizmdən (sosial-demokratiyadan) millətçiliyə doğru tərs təkamül etməsi kimi xarakterizə oluna bilər. Çünki Hümmət, Yoldaş, İrşad və Təkamül kimi solçu qəzetlərdə daim millətin bir-birinə daban-dabana zidd siniflərdən ibarət olduğunu qeyd edən və millətçiləri gerici, irticaçı qüvvə kimi xarakterizə edən Rəsulzadə artıq Şərqdəki millətçiliyi özünümüdafiə və sosioloji cəhətdən mütərəqqi hadisə hesab edirdi (Rəsulzadə, 2007: 42).
Bununla da İstanbuldan Rəsulzadənin verdiyi təlimata əsasən bir qrup keçmiş Hümmətçi sosialist-Abbas Kazımzadə, Tağı Nağıoğlu və Məmmədəli Rəsulzadə (Rəsuloğlu; Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu) Azərbaycan (türk) millətçiliyinin ilk partiyası-Müsavatı qurur. Müsavatın qurulduğu ilk vaxtlarda partiyanın başlıca proqramında müsəlman xalqlarının birliyi-“ittihadi-islam” ideyası irəli sürülmüşdü. 1913-cü ildən partiyaya mühacirətdən qayıtmış Məhəmməd Əmin Rəsulzadə rəhbərlik etmişdir. Bununla yanaşı Partiyanın mətbuat orqanı "Açıq söz" qəzeti idi. 1914-cü ildən Rəsulzadənin ideyalarında türkçülük müşahidə edilsə də, ümumilikdə 1917-ci ilə qədər Müsavatın dəqiq proqramı olmamışdır. Bununla yanaşı Müsavat gələcəkdə Çar hökumətinin müsəlman əhalisinə hüquqlar verəcəyini nəzərə alaraq Çar Rusiyasını 1-ci dünya müharibəsi illərində dəstəkləmişdi. (Rəsulzadə, 2012:173). Partiya Fevral inqilabına (1917) qədər gizli fəaliyyət göstərmiş və "Cəmiyyət" adlanmışdır. Fevral inqilabından sonra isə gizli fəaliyyətdən açıq fəaliyyətə keçmiş və 1917 ilin martında Nəsib bəy Yusifbəylinin başçılığı ilə Gəncədə yaradılmış və Azərbaycanın Rusiya imperiyası daxilində muxtariyyətini özünün məqsədi elan etmiş "Türk Ədəmi-Mərkəziyyət" partiyası ilə əməkdaşlığa başlamışdı. 1917 il iyulun 3-də Müsavatla "Türk Ədəmi-Mərkəziyyət" partiyaları birləşməsi ilə "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" Partiyası" yaradıldı. Müsavatın sağ mühafizəkar millətçi (Gəncə) qanadı adlanan Türk Ədəmi-Mərkəziyyət partiyasına mülkədar sinfinin nümayəndələri Rəfi bəy Rüstəmbəyov, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov və başqaları daxil idi. Müsavatın sol qanadı adlanan burjua qanadına isə M. Ə. Rəsulzadə, M. H. Hacınski, M. Vəkilov daxil idi. Federalistlərlə birləşdikdən sonra əvvəlki illərdən fərqli olaraq təşkilatda başçılıq və ideya hegemoniyası Gəncə mülkədar elitasının əlində idi. Müasir Azərbaycan tarixşünaslığında Müsavatın Gəncə federalistləri ilə birləşməsi Azərbaycanın muxtariyyət məsələsi ilə əlaqələndirilir. Ancaq Müsavatın federalistlərlə birləşməsi siyasi faktordan çox iqtisadi səbəblərlə əlaqəli idi. Bakı (türk) burjua qanadının (Müsavat) iqtisadi baxımdan üstün olan Gəncə qanadı (Türk-Ədəmi Mərkəziyyət partiyası) ilə birləşməsinin əsas səbəbi də Bakı burjuaziyasının erməni və rus burjuaziyasından zəif olmasından irəli gəlirdi. Bütün banklar və neft sənayesinin çox hissəsi erməni və rus burjuaziyasının əlində idi. Digər tərəfdən Azərbaycana muxtariyyət verilməsi məsələsi Bakı burjua qanadı tərəfindən deyil, Gəncə qanadı tərəfindən təklif olunmuşdu. Fevral inqilabının ilk illərində Bakı burjua qanadı federalistlərlə birləşənə qədər demokratik Rusiya respublikasının tərəfdarı kimi çıxış edir, Rusiyada yaşayan bütün millətlər kimi müsəlman əhalisinə bərabərhüquqlu şəkildə sərbəst yaşamaq haqqının verilməsini istəyir və iqtisadi sahədə də burjuaziya üçün geniş və sərbəst bazarın verilməsini nəzərdə tuturdu. (Hüseynov, 1929: 10). Müsavatın Bakı qanadının qəbul etdiyi bəyannamədə partiya özünü "Əməkçi kütlələrə, habelə Rusiyanın türk və digər müsəlman xalqlarının milli-mədəni istəklərinə arxalanan demokratik" partiya kimi təqdim edirdi. Ümumi nəticədə isə iqtisadi baxımdan zəif Bakı qanadı iqtisadi baxımdan güclü olan Gəncə qanadının dəstəyini qazanmaq üçün Azərbaycanın muxtariyyəti təklifini qəbul etməli olmuşdu.
Rəsulzadənin sosial-demokratiyadan millətçiliyə doğru təkamülünə baxmayaraq onun iqtisadi baxışlarında sol amillər qalmaqda davam edirdi. Təsadüfi deyil ki, Məhəmməd Əmin Rəsulzadə Müsavatın sol (Bakı) qanadını təmsil edirdi (Swietochowski, 1985: 170). Rəsulzadənin dövri-mətbuatda xüsusilə Müsavatın “Açıq Söz” qəzetində çap olunan məqalələrinə diqqət yetirmək də məqsədə uyğundur. Nəzərə almaq lazımdır ki, Rəsulzadə XX əsrin əvvəllərində xüsusilə 1905-1906-cı illərdə yazdığı məqalələrdə kapitalizmi tənqid edərək bolşevizm mövqeyindən çıxış edirdisə, artıq 1917-ci ildən sonra menşeviklərin mövqeyindən çıxış edirdi. Rəsulzadənin bu mövqeyini 1917-ci il iyununda Açıq Söz qəzetində nəşr etdirdiyi “Sosializm həqqində” adlı məqaləsində də müşahidə etmək olar. Həmin məqalədə Rəsulzadə sosializmə kapitalizm quruluşu içərisində tədricən keçid etməyin mümkün olduğunu qeyd edirdi:
“Kapitalizmin gördügümüz bu surətli tərəqqisi nəticəsində heç şübhəsiz ki, bəşəriyyət bu böyük səadəti dərk edəcək. Bu dərki-səadət tezmi olacaq, gecmi olacaq - o bir başqa məsələ. Vazeh olan bir məsələ varsa, o da budur ki, bu inqilab birdən olmayıb, tədriclə vaqe olacaq və sosializm tamamilə yetişməyincə bəşəriyyət ağacından dərilməyəcəkdir.”
Bununla yanaşı Rəsulzadə kapitalizm quruluşunu da tənqid etməkdən qalmır:
Fəqət hər sikkənin iki üzü olduğu kibi kapitalizmin də ikinci üzü vardır. Bu üz ondan ibarətdir ki, kapitalizm sayəsində vücuda gələn dövlət və sərvətlə bərabər, füqəra ilə səfalət də tərəqqi ediyor. Xırda sərvət sahibləri azalıb kiçik sənətkarlar əmələligə gediyor, bunun əvəzində isə sərmayə mərkəzləşib milyonlar böyüyür. Halbuki milyonlarla xəlq vardan-yoxdan çıxıb fabrikada çahşmaq və zəhmətini satmaq məcburiyyətində qalıyor. Kapitalizm ilə idarə olunan məmləkətlər zahirdə abad, məmur, xoşbəxt görünüyorlarsa da, batində təzadlarla dolu səfalətə məhkum, həyatından naməmnun əmələ sinfi və demokratiyadan ibarətdirlər.” (Rəsulzadə, 2013: 241-242).
Müsavat iqtidarı dövrü (1918-1920)
1918-ci ildə Müsavat Azərbaycanda iqtidarı öz əlinə aldıqdan sonra belə partiya sağ və sol fraksiyalara bölünürdü. Müsavatın sol fraksiyasının əsas fəaliyyətində hökumətin daxili və xarici siyasətinin tənqidi mühüm yer tuturdu. 1918-ci ilin dekabrın 10-da Azərbaycan parlamentinin ikinci iclası zamanı Rəsulzadə torpaq məsələsi və işçi hüquqları ilə bağlı məsələləri gündəmə gətirdi. Belə ki, Rəsulzadə torpaq məsələsi ilə bağlı parlamentin iclasında etdiyi çıxışda xəzinəyə, sabiq rus çarına və çar ailəsinə, eləcədə mülkədarlara məxsus torpaqların pulsuz və əvəzi ödənilmədən zəhmətkeş və rəncbər xalqa veriləcəyini bildirdi. İşçi məsələsi ilə bağlı tələblərdə isə iş saatının 8 saat olması müəyyən edilir və eyni zamanda 16 yaşına çatmamış uşaqların və qadınların onların sağlamlıqlarına zərər vuracaq işlərdə işlədilməsi qadağan edilirdi (Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: I cild: Parlament, 1998: 25). Məhəmməd Əmin Rəsulzadənin torpaq və işçi məsələləri ilə bağlı çıxışına baxmayaraq Rəsulzadənin bu tələbləri praktiki olaraq həyata keçmədi. Nəinki praktiki olaraq həyata keçmədi. Hətta 1919-cu il 2-11 dekabr tarixlərində Müsavatın II qurultayında işsizlik məsələsinə toxunan zaman Məhəmməd Əmin Rəsulzadənin partiyanın müəssisələrin milliləşdirilməsini dəstəkləmədiyini və partiyanın fəhlə və kəndlilərin iş şəraiti ilə bağlı mümkün olan hər şeyi etdiyini qeyd etməsi qurultayda qızğın müzakirələrə səbəb olmuş və Müsavat partiyasının üzvü olan məşhur azərbaycanlı dramaturq Cəfər Cabbarlının qurultayda çıxışı isə bu sözlərlə yadda qalmışdı: “Hökumətin xalqın siyasi problemlərindən əlavə iqtisadi məsələlərinin həll etmək öhdəliyi də var idi. Azərbaycanda hakimiyyəti ələ alan partiyamız verdiyi öhdəliklərini unutdu.” (N. Agamaliyeva, R. Xudiyev, 1994:66-68).
2 illik Müsavat iqtidarı dövründə torpaq və işçi məsələsinin həll olunmaması Azərbaycan əhalisində Müsavata qarşı antipatiyanın yaranması ilə nəticələndi. Bu antipatiyanın formalaşmasında Müsavat hökumətinin torpaq və işçi məsələlərini həll etməməsi ilə yanaşı İttihad partiyasının əhali, xüsusilə kəndlilər arasında böyük nüfuza malik olması mühüm rol oynayırdı (Mehdiyev, 2017: 116). Bununla yanaşı torpaqların Müsavat hökumətini formalaşdıran bəylərin əlində cəmləşməsi və kəndlilərə torpaq paylanmaması, bolşeviklərin də kəndlilər arasında agitasiya apararaq kəndliləri öz tərəflərinə çəkmələrini şərait yaratdı (Volxonski, Muxanov, 2009: 220-221). Bu da 1920-ci ildə Azərbaycanın sovetləşdirilməsi prosesini asanlaşdırdı.
İstifadə olunan ədəbiyyatlar
Azərbaycan dilində
Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: I cild: Parlament. Azərbaycan nəşriyyatı, Bakı-1998
Azerbaycan_Xalq_Cumhuriyyeti_1918-1920_I_cild_Parlament.pdf
Balayev, A. Məmməd Əmin Rəsulzadə (1884-1955), Bakı-2012.
Hüseynov, M.D. (1929), Müsavat firqəsi: Keçmişdə və indi.
Mehdiyev, R. (2017). ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında: 1919-1920-ci illər.
Rəsulzadə M. Ə: Əsərləri: III cild: 1915-1916. Elm, Bakı-2012
https://ebooks.az/book_ez6NC5dl.html
Rəsulzadə, M.Ə. Əsərləri: IV cild: 1917 - aprel 1918. Qanun, 2013.
Eserleri_IV_cild_1917-aprel_1918.pdf
Türk dilində
Swietochowski, T. (1988). Müslüman cemaatten ulusal kimliğe Rus Azerbaycanı, 1905-1920 (Vol. 14). Bağlam yayıncılık
Rus dilində
Агамалиева, Н, Худиев, Р. (1994), Азербайджанская Республика. Страницы политической истории 1918-1920 гг.
Балаев, А. Мамед Эмин Расулзаде (1884-1955). Политический портрет. Баку, TEASPRESS, 2018.
Волхонский, М, Муханов, В. (2009). «Россия на Кавказе. Пять веков истории».
Расул-заде, М Э. О пантуранизме: в связи с кавказской проблемой. ИД Кавказ. Баку-2007