Əli Novruzov

30 Yanvar 2023, 13:24

Azərbaycan solunun tarixində Məhəmməd Əmin Rəsulzadənin rolu | 1-ci hissə

Məhəmməd Əmin Rəsulzadə XX əsr Azərbaycan və Yaxın Şərq tarixində mühüm rol oynamış ictimai-siyasi xadimlərdən biri olmuşdur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan milli hərəkatının inkişafında və Azərbaycanda millət-dövlətin ilk modifikasiyasının-birinci cümhuriyyətin meydana gəlməsində fövqəladə xidmətləri olmuş ictimai-siyasi xadimdir. Eyni zamanda Məhəmməd Əmin Rəsulzadə Azərbaycan sol tarixində də mühüm rolu olmuş tarixi şəxsiyyətdir.

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan sosializm tarixində rolunu 3 cür təsnifatlaşdıra bilərik.

  1. Çar Rusiyası dövrü;
  2. Azərbaycan Cümhuriyyəti illəri;
  3. Mühacirət illəri.
     

Rəsulzadənin Çar Rusiyası dövründəki solçuluq fəaliyyəti

Məhəmməd Əmin Rəsulzadənin siyasi həyatının başlanğıcı onun Azərbaycanın sol tarixində oynadığı rol ilə bağlıdır. Rəsulzadənin sosializmə, daha dəqiq desək marksizmə meyl etməsi bəhs edilən dövrdə çar rejiminin iqtisadi və sosial zülmü və müstəmləkəçilik siyasəti ilə bağlı idi. Çar rejimin bu zülmü Cənubi Qafqazı xüsusilə Bakını sol hərəkatın əsas dayaq məntəqəsinə çevirmişdi. Rəsulzadənin sosializmə meyl etməsinin digər səbəbi də yeni meydana gələn sosialist cərəyanların istismarçı bir rejim olan çarizmə barışmaz mövqedə olması ilə bağlı idi. (Balayev, 2012:11).  Bununla belə sonralar M.Ə. Rəsulzadə də sosializmin istismarçı çar hakimiyyətinə qarşı mübarizədə ən sadiq deyil, ancaq ən münasib müttəfiq hesab edirdi.

Azərbaycanda Məmməd Əmin Rəsulzadə kimi siyasi xadimlərin sosializm cərəyanlarına meyl etməsinin digər bir səbəbi də Bakının demoqrafik strukturu ilə bağlı idi. Bakının demoqrafik strukturuna nəzər salsaq müşahidə edə bilərik ki, 1903-cü ildə əhalinin 3-də 1-i rus əsilli idi. Bununla yanaşı ruslar tərəfindən həyata keçirilən sosialist fəaliyyətlər də Azərbaycan əhalisinə təsir edir və əvvəlcədən də qeyd etdiyimiz kimi, istismarçı çar hakimiyyətinə qarşı mübarizə azərbaycanlı siyasi xadimlərin xüsusilə Rəsulzadənin sosializm cərəyanlarına meyl etməsinə səbəb olurdu.  İdeoloji səviyyədə baxıldıqda, sosializm əzilən xalqın bərabərliyini vəd edirdi. Həmin dövrün ideoloqları arasında, sosializm kasıb və geridə qalmış millətlərə inkişaf və bərabərlik ideyaları ilə xalqa olduqca cəzbedici gəlirdi. Yalnız dövrün fəhlə və kəndli sinfinin deyil, Azərbaycan əsilli kapitalistlərin də sosialist hərəkata simpatiyası var idi. O dövrün görkəmli liberallarından Topçubaşov da sosialistlərin istirahət günü, fabrik komitələrinin yaradılması və digər millətlərdən olan işçilərin eyni işə görə eyni miqdarda pul alması kimi tələblərini dəstəkləyirdi. Ancaq qeyd edilməli xüsusi məqam da vardır ki, azərbaycanlı siyasi xadimlər din və dil problemlərinə görə sosial-demokrat hərəkatı dəyərləndirə bilmirdilər. Azərbaycanlı intellektuallar bunun səbəbini heç bir yerli üzvü olmayan Rusiya Sosialist Demokrat İşçi Partiyasının  müsəlmanlar arasında siyasi təşviqat aparmaması ilə izah edirdilər. Lakin bu arqumentlə razılaşmaq bir az çətindir. Çünki Sultan Məcid Əfəndiyev “Hümmətin yaranması” adlı məqaləsində müsəlmanların geridə qalmasına görə Rusiya Sоsial-Demоkrat İşçi (bоlşevik) Firqəsinin qarşısında duran mühüm məsələlərdən birinin müsəlman işçilərini ümumi cərəyana sövq etmək, оnların sinfi cəbhədə iştiraklarını asanlaşdırmaq üçün tədbirlər axtarmaqdan ibarət olduğunu qeyd edir. Bundan əlavə Hümmətin bоlşeviklərsiz hərəkət etməyin mümkün olmadığını, çünki “Hümmət”ə  əsas yоl göstərənlərin Bakı təşkilatı rəhbərləri оlan Stalin, Şaumyan, Caparidze və sairə möhkəm bоlşeviklərdən ibarət olduğunu qeyd edir. Məhz bu surətlə, bоlşeviklər sırasında оlan azərbaycanlılardan müsəlman işçiləri arasında işləmək üçün aktivlər hazırlamaq məqsədi ilə Bakı sоsial-demоkrat işçi bоlşevik firqəsinin ayrılmaz hissəsi sifətilə “Müsəlman sоsial-demоkrat qruppası” təşkil edilir. Nəticədə 1904-cü ildə islam dünyasında ilk sosial-demokrat təşkilat olan “Müsəlman Sosial-Demokrat Hümmət” təşkilatının əsası qoyulur. Rusiya Sosial Demokrat Fəhlə partiyasının (RSDFP) bolşevik qanadının qolu kimi fəaliyyət göstərən bu partiya faktiki olaraq müstəqil fəaliyyət göstərirdi. Partiyanın əsas üzvləri Əsədulla AxundovMəşədi ƏzizbəyovMəhəmməd Əmin RəsulzadəSultan-Məcid Əfədiyev idi (Swietochowski, 1988: 80). Təşkilatın adında nəyə görə “Müsəlman” sözünün işlədilməsini isə 2 əsas səbəblə əlaqələndirmək olar. Birinci səbəb islam dininin Azərbaycanın ictimai-siyasi həyatında hakim rolda olması, Azərbaycan xalqında özünüdərk etmənin formalaşmaması ilə, dolayısı yolla dini və regional mənsubiyyət hissinin etnik identikliyi açıq-aşkar üstələməsi ilə bağlı idi. İkinci səbəb isə Rəsulzadənin siyasi görüşlərində özünü biruzə verir. Rəsulzadə 1905-ci ildə Hümmət qəzetində nəşr etdirdiyi “Hümmətür-Ricaltəqləül-Cibal” adlı məqaləsində Azərbaycan ictimai-siyasi düşüncəsində vahid konsepsiyasının olmadığını, ictimai-siyasi xadimlərin müxtəlif ideologiyalara meyl etdiyi qeyd edir. Məqaləni nəzərdən keçirdikdə görmək olar ki, Rəsulzadə hansı ideologiya olursa olsun, həmin ideologiyanın islam dininə zidd olmamasının vacibliyini qeyd edir. Bununla yanaşı Rəsulzadə adı keçən məqaləsində nə sosializmin, nə də demokratizmin islam dininə zidd olmadığını qeyd etmiş olur (Rəsulzadə, 2014: 25).

 

Rəsulzadənin solçuluq dünyagörüşündə bolşevizm elementləri

Rəsulzadənin sosial-demokrat kimi fəaliyyətində bolşevizm elementlərini müəyyənləşdirmək üçün əvvəlcə bolşevizm və menşevizm ideologiyalarına aydınlıq gətirmək lazımdır. Sosial-demokratlar 1903-cü ildə London konqresində iki fraksiyaya-Leninin rəhbərliyi altında bolşevik və Yuli Martovun rəhbərliyi altında menşevik fraksiyalarına ayrıldılar. Menşeviklərin siyasi proqramında siyasi mübarizə yolu ilə çar rejimini devirmək və respublika idarə üsulunu qurmaqla yanaşı sosializmə kapitalizm quruluşu içərisində təkamül yolu ilə tədricən keçid edilməsi əsas yer tuturdu. Bolşeviklər isə respublika idarə üsulunu qurmaqla yanaşı sosializmi yalnız inqilab, yəni kapitalizmi devirmək yolunu qarşılarına əsas məqsəd kimi qoymuşdular. (Rəsulzadə, 2010: 10). Hər iki fraksiya Cənubi Qafqazın iki böyük şəhəri-Bakı və Tiflisdə əsas üstünlüyə malik idilər. Tiflisdə menşeviklər, Bakıda isə neft mədənlərində və dənizdə bolşeviklər əsas təsir gücünə malik idilər. Hər iki fraksiyasının tutduğu xəttə əsasən Rəsulzadənin bolşevik, yoxsa menşevik ideyalarının daşıyıcısı olduğunu müəyyənləşdirək. Məhəmməd Əmin Rəsulzadə 1906-cı ildə bolşevik qəzeti “Dəvət-Qoç”-da yazdığı “Mərəzimizin Çarəsi” adlı məqaləsində 1905-ci il erməni-azərbaycanlı qırğınlarının əsas səbəbkarının çar hökuməti və azərbaycanlı-erməni burjuaziyaları olduğunu qeyd edərək yazırdı:

Bürokratlar Rusiya inqilabi-kəbirindən rəhayab' olub, xilaslıq tapmaq üçün biçarə rəiyyəti bir neçə vaxtda təhti-təzyiq və təkdirdə saxlamaq üçün olmazın hiylələr edib, hər bir ərzəl işlərə tənəzzül etdilər. İki milləti bir-biri ilə vuruşdurub, nahaq qanlar içində inqilabı qərq etmək istədilər. Lakin bundan bixəbər ki: «xuni-ərbabi-həmiyyət qərq edər zalimləri, müştəməl əfkari-əhraranəsönməz xunilə»* -betəhqiqən cümlə poqromlann, qırğınların ümdə səbəbi, inqilabiyyunlar heybətindən, füqərayi-kasibəqiyamından bağrı yarılmış, başın itirmiş bürokratiyadır. Lakin bürokratiya özünün bədəfkar şeytaniyyə, bu məqhur zalimanəsinə tərvic vermək üçün bir müsaid zəmin aradı ki, özünü də özü piş əz vəqt hazırlamışdır. Haman zəmin də müxtəlif millətlərin burjuaları arasında olan iqtisadi rəqabət idi. Bu rəqabət də «şcytan»a imkan verdi ki, fevral ayında Bakıda bir şöleyi-şəqavət və ədavət işıqlandırsın ki, o şölədə həmin məzkur burjuaların bərəkətindən və bəzi maskalı üzvlərin sayəsində işıqlanıb, cümlə Qafqazı alovlatdı.”

Eyni zamanda 1906-cı ildə bolşevik qəzeti “Dəvət-Qoç”-da yazdığı “Bəlayi-Əzim” adlı məqaləsində Rəsulzadə həm azərbaycanlı, həm də erməni füqərayi-kasibəsini birləşərək bu qırğınlara etiraz etməyə çağırırdı:

Ey iki millətin həqiqi sülhpərəsti olan füqərayi-kasibə, harada qalmısan ki. səsin çıxmıyor! Cümlə zalimləri heybətə salan sədayi-qəhrəmanəni ucaldıb, niyə Qoloşşapov və Qoloşşapovun həməfkan olub, onun tutduğu şeytənətkarənə işlərinə təqviyət verən ünsürlərə ibrazi-təərrüz edib, protesto etmiyorsan?!! (Rəsulzadə, 2014: 27-30).

Rəsulzadənin erməni-azərbaycanlı toqquşmaları ilə bağlı hər iki məqaləsi onun sol görüşlərində bolşevizm elementlərinin olduğunu qeyd etməyə əsas verir.  Çünki 1905-06-cı il erməni-müsəlman qırğınları zamanı hər iki tərəfi əsasən milli bolşeviklərdən  Məşədi Əzizbəyov və Nəriman Nərimanov barışdırmağa cəhd edirdilər və onların bu qırğınlarla bağlı yazdığı məqalələrin dəsti-xətti də Rəsulzadənin yazdığı hər iki məqalənin dəsti xətti demək olar ki, eynidir. Bunun digər səbəbi də əvvəlcə qeyd etdiyimiz kimi menşevizm ideologiyasından fərqli olaraq bolşevizmin kapitalizm və burjuaziya sinfinə qarşı mübarizə aparmasıdır. Menşeviklər isə bolşeviklərdən fərqli olaraq burjua partiyaları ilə əməkdaşlığa da meyl edirdilər. Bolşeviklər isə hər cür burjua partiyası ilə koalisiyaya qarşı idilər (Rəsulzadə, 2010: 10).  Təsadüfi deyil ki, Rəsulzadə 1906-cı ildə “Təkamül” qəzetində nəşr etdirdiyi “Şeytan İşinin Nəticəsi” adlı məqaləsində erməni-azərbaycanlı qırğınların əsas məsuliyyətini çar hökumətinin provakatorlarında və erməni-azərbaycanlı bəy, xan burjua sinfində görərək Nəriman Nərimanov və Məşədi Əzizbəyovun bolşevizm xəttini istifadə etmiş olur:

“İki millətin ağaları və rəisləri, burjua kirvələr, bəylər və xanlar arasında olan rəqabəti-iqtisadiyyə ilə hazırlanmış bir zəmində hökumət dəsti-qəddaranəsilə edilən erməni-müsəlman hadiseyi-facianəsi lillahülhəmd intihayə üz qoymaqdadır. Hər iki millətin ümumi arasında sülhpərəstlər artıb, millət xainlərinin. iki cəmaətin çəkişməsində, dalaşıb vuruşmasında öz səadət və rifahını düzəldən müftin və fəsadçılann arzu və istədiklərinin xilafı olaraq, hər iki tərəfdə atəş və qılıncdan əl çəkib vəsaiti mədəniyyəyə əl atanlar və həmişə cidal və qitalın düşməni olub, ittihadi-beynəlmiləllə, yəni millətlər dostlaşmasına çalışanların səsi ucalıb özünə müstəid bir meydan hazırlamaqdadır.”

M. Ə. Rəsulzadənin yazılarında bolşevizm xəttini onun millət məsələsində yanaşmada sinfi məsələni ön plana çəkməsi, millətin bir-birinə daban-dabana zidd olan siniflərdən ibarət olmasını vurğulamasını və mülkədar-burjua sinfinə qarşı füqərayi-kasibə sinfinin mənafeyini müdafiə etməsində də müşahidə etmək olar. Rəsulzadənin 1906-cı ildə Təkamül qəzeti üçün yazdığı “Milliyyət və Ticarət” məqaləsi də bu xəttin kordinatlarını görməyə imkan verir:

“Milliyyəti təbliğ edənlər, həmişə sinfıyyətə göz örtüb onu görmək istəməyənlərdir. Bir millətpərəst, millət dedikdə dövlətli-kasıb, mülkədar-rəncbər, iş verən və işçiliyi nəzərə almayıb, fəqət bir dildə danışan, bir adətdə olanlan nəzərə alır. Bir mülkədar ilə rəncbəri, bir sərmayədar ilə fəhləni, bir iş verən ilə işçini nəzərində «bərabər» tutub onlan aynlmaz bir heyət, fırqələnməzbir kilit hesab ediyor. Millətin içində sinifləri və bu siniflər arasında birləşən təbayün və təbii zidliyi görmiyor və daha doğrusu, görmək istəmiyor. Bir iş verən ilə işçi arasında əvvəlkilərdə düşdüyü mübahiseyi-iqtisadiyyələrini görüb də qəbahətini qanmıyor, bilmiyor ki, bir işi işlədikdə iş verən az verməni və işləyən çox almanı həmə vəqt arzumənd və bu yolda hər cür vəsilələrə dəstəndazdır. Hər kəsə məlum və aşkardır ki, müsəlman firmaları ki. onlarda işləyənlərin çoxusu (dəcəl olmadıqları üçün) müsəlmandırlar. Hamı fəhlələrdən ucuz və hamısından ağır şəraitdə işləyirlər. Onların qayğısına qalan yoxdur o yanda dursun, həmişə təbəiyyət və inqiyadda qalmaqlan üçün «millətpərəst» ağalar tərəfindən saxlanan qoçular vardır! Kim bilmiyor ki, böyük bir mülk və mənalə sahib olan mülkədar. xan və bəy yüz rəiyyətin canını bir pristav ağaya qurban edər.

Çox əcəb, müsəlman fəhləsi bir müsəlman sərmayədarına əcirdir. onunla bərabər bir qeyri müsəlman fəhləsi də işləyir... «millətpərəst» sərmayədar özu qeyri-millət sərmayədar müsəlman fəhləsinə deyir ki: -Adə, xaricilər sənədüşməndir, sən onlara qoşulma, sən müsəlmansan, qeyrilərilə işin yoxdur. Həmin bu zamanda cənab «millətpərəst» sərmayədar özü qeyri millət sərmayədarları ilə bakal-bakala vurub bir-birilərinin sağlığına badənuş oluyor. «özgə fəhlələrin ittifaqına qoşulmaq müsəlman fəhləsinə yaramaz» - diyor da cənab millətpərəst tacir özü tacirlərin bilafərq millət təşkil olunan ittifaqına girib, can-başla qulluq ediyor.” Bu məqalədə Rəsulzadə millətçiləri tənqid edərək millətin bir-birinə daban-dabana zidd siniflərdən ibarət olduğunu və müsəlman mülkədar və burjuaziyasının müsəlman fəhlələrini istismar etdiyini vurğulayır (Rəsulzadə, 2014: 80-83, 94-96).

Yalnız yazdığı məqalələrdə deyil, vaxtı ilə onunla eyni cəbhədə mübarizə aparan tarixi şəxsiyyətlərin yazılarında da Rəsulzadənin sosial-demokrat\bolşevik olduğu vurğulanır. 20-ci əsrin əvvəllərində Bakıda siyasi mübarizə aparan tanınmış Qafqaz bolşeviklərindən Stepan Şaumyan Rəsulzadənin Stalinin məşhur yoldaşı olduğunu və 1905-1906-cı illərdə bolşevik olduğunu qeyd edir (Şaumyan, 1978: 260). 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Bakıya gələn Stalin Bayıl həbsxanasında Rəsulzadə ilə həbsdə olarkən görüşür. Görüşdə baş verən dialoq zaman Stalin Rəsulzadəyə keçmiş mübarizə yoldaşı olduğunu bildirərək 20-ci əsrin əvvəllərində Bakıda baş verən sosialist inqilabına verdiyi töhfələri təqdir edir (Rəsulzadə, 2010: 19). Buna baxmayaraq Rəsulzadənin 1923-cü ildə yazdığı “Azərbaycan Cümhuriyyəti” kitabına cavab olaraq Stalin Rəsulzadənin bolşevik olduğunu və daha sonra əqidəsinə əks getdiyini qeyd edir (Balayev, 2018: 251). Müsavat hökumətinin “Əksinqilabla mübarizə” təşkilatının rəisi olmuş Nağı Şeyxzamanlı da Rəsulzadənin sosial-demokrat kimi siyasi fəaliyyətə başladığını və nə Müsavat hökuməti dövründə, nə də 17 illik mühacirət dövründə bu ideologiyadan heç vaxt ayrılmadığını qeyd edir (Şeyxzamanlı, 1997: 133).

Vaxtı ilə Hümmət təşkilatının üzvü olmuş Sultan Məcid Əfəndiyev də Rəsulzadənin müsəlmanlar arasında sosializmin yaydığını və Azərbaycan işçilərini kapitalist istismara qarşı birləşməyə çağıran şəxslər arasında başlıca yeri tutduğunu qeyd edir (Çağla, 2020: 172).

 

İstifadə olunan ədəbiyyatlar

Azərbaycan dilində

Balayev, A. Məmməd Əmin Rəsulzadə (1884-1955), Bakı-2012.

Çağla C. XX əsrin əvvələrində liberalizmin və sosializmin millətçiliyə təsirləri, tər. Tərlan Əliyev, səh.168. Millət və Millətçilik. Milliyət Araşdırmalar Mərkəzi, Bakı-2020.

Eserleri_I_cild_1903-1909.pdf

Əfəndiyev, S. M. Hümmətin yaranması, müəllif: Praksis. Sultan Məcid Əfəndiyev – “Hümmət”in yaranması – Praksis☭ (wordpress.com)

Rəsulzadə, M. Ə. Bir türk milliyətçisinin Stalinlə ixtilal xatirələri. Bakı, Qanun, 2010.

Rəsulzadə, M. Əsərləri I cild, (1903-1909). Bakı-2014.

Şeyxzamanlı, N. İstiqlal Mücadiləsi Xatirələri. Azərbaycan nəşriyyatı, Bakı-1997.

Türk dilində

Swietochowski, T. (1988). Müslüman cemaatten ulusal kimliğe Rus Azerbaycanı, 1905-1920 (Vol. 14). Bağlam yayıncılık.

Rus dilində

Балаев АМамед Эмин Расулзаде (1884-1955). Политический портрет. Баку, TEASPRESS, 2018.

Шаумян, С. (1978), Избранные произведения, том 2.

https://vk.com/doc23144409_438554399?hash=oRhG5i365WO3byzxoGcNGkGmawupfRWcIrUtZAgQ8ND

Paylaş:

600
0