Əli Novruzov

17 İyul 2022, 13:13

Azərbaycan Demokratik Respublikasında sol partiyalar və onların fəaliyyəti

Azərbaycan Demokratik Respublikasının mövcudluğu dövründə ölkədə müxtəlif sol partiyalar və cərəyanlar fəaliyyət göstərirdi. ADR parlamenti 120 deputatdan ibarət idi və sol partiyalar parlamentdə 12 deputat yeri əldə etmişdilər. Sol partiyalar    ümumilikdə sosialistlər fraksiyasının tərkibində birləşmişdi. Bununla yanaşı iclas zamanı sol partiyalar parlamentdə Fransa parlamentinə bənzər şəkildə solda, müsavatçılar mərkəzdə, ittihatçılar isə sağda əyləşirdilər (Svetoxovski, 2022:201).

 

Sosialistlər fraksiyası

Sosialistlər fraksiyasına müsəlman sosialistlər (eserlər) bloku ilə “Hümmət” təşkilatının menşevik qanadının 13 üzvü daxil idi. Sosialistlər Fraksiyanın sədri Səməd ağa Ağamalıoğlu, üzvləri Əliheydər Qarayev, Əkbər Ağa Şeyxülislamov, Hacı Kərim Sanılı (Sanıyev), Qasım bəy Camalbəyov, Bağır Rzayev, Əhməd bəy Pepinov, İbrahim Əbilov, Rza bəy Qaraşarov, Vladislav Bakradze, Camo bəy Hacınski, Aslan bəy Səfıkürdski, İbrahim İsmayılzadə idi. Sosialistlər parlamentin komissiyalarında təmsil olunmuşdular. Əhməd bəy Pepinov və Səməd ağa Ağamalıoğlu maliyyə-büdcə komissiyasında, Bağır Rzayev təsərrüfat komissiyasında, Əhməd bəy Pepinov, Bağır Rzayev, Qasım bəy Camalbəyov, Rza bəy Qaraşarov müəssislər məclisinin çağırılması üzrə mərkəzi komissiyada, İbrahim Əbilov və Hacı Kərim Sanılı redaksiya, aqrar, həmçinin sorğu komissiyalarında fəaliyyət göstərirdilər. S.Ağamalıoğlu aqrar komissiyanın sədri idi. Sosialistlər fraksiyasının bəyannaməsində yeni hökumətin koalision olması və demokratik prinsiplərə əsaslanması tələbi qoyulurdu. Bəyarmamədə ADR-in müstəqilliyinin qorunması və demokratiyanın təsdiqi hökumətin başlıca vəzifəsi kimi müəyyənləşdirilirdi. Fəhlə məsələsinin həlli üçün 8 saatlıq iş gününün tətbiqi, inqilab dövründə fəhlələrlə bağlanmış müqavilələrin qüvvədə qalması, fəhlə təşkilatlarına dövlət tərəfındən maddi yardım göstərilməsi kimi tədbirlərin görülməsi təklif olunurdu. Aqrar məsələ ilə bağlı torpaq komitələri yaradılması nəzərdə tutulurdu. Bəyannamədə "qadınların haqq və səlahiyyəti kişilərlə bərabər olmaqdır", - fıkri xüsusi vurğulanırdı. Xarici siyasət sahəsində qonşu dövlətlərlə, Avropa ilə ən geniş əlaqələr qurulmasının vacibliyi qeyd edilirdi. Sosialistlər fraksiyası "Müsəlman Sosialist bloku" və "Hümmət" təşkilatları çərçivəsində fəaliyyət göstərən azərbaycanlı sosial-demokratları, eser və menşevikləri birləşdirərək, parlamentin sol cinahını təşkil edirdi. Fraksiya hadisələrə və hakimiyyətdaxili proseslərə yanaşmada birmənalı mövqe tutmurdu. Sosialistlər hökumətə qarşı kəskin münasibətdə olmalarına baxmayaraq, hakimiyyətin sağların əlinə keçəcəyindən ehtiyat etdikləri üçün, onun istefası əleyhinə çıxıb kabinetin tərkibində bəzi fərdi dəyişiklik edilməsinin tərəfdarı idilər. Onlar cinayət və möhtəkirlik məsələlərini araşdıracaq geniş səlahiyyətli xüsusi parlament komissiyasını təsis etmək, vəzifə cinayətləri, möhtəkirlik və ölkədəki əks-inqilabi cinayətləri mühakimə edəcək ali tribunalın əsaslarını işləyib hazırlamaq üçün xüsusi komissiya haqqında qətnamə layihələri təklif edirdilər. Parlament, sosialistlərin tələbi ilə, ölkədə ərzaq məsələsini tənzimləyəcək xüsusi komissiya yaratdı. Ali tribunal haqqında sosialistlərin təqdim etdikləri layihə parlament tərəfindən rədd olundu. Aqrar məsələdə isə sosialistlər torpağını müsadirə olunub, ödəncsiz olaraq kəndlilərə verilməsini tələb edirdilər. Uzun müzakirələrdən sonra keçirilən səsvermə sosialistlərin xeyrinə nəticələnsə də, aqrar məsələnin həllinə ciddi təsir göstərmədi. 3-cü hökumət kabinəsinin istefasından sonra sosialistlər hesab edirdilər ki, təşkil olunacaq yeni hökumət geniş əhali təbəqələrinin tələblərini təmin edən əsl demokratik hökumət olmalıdır. Bunun üçün mərkəzin demokratik hissəsi ilə sol qüvvələrin koalisiyasını zəruri sayan sosialistlər hökumətin siyasətinə təsir etmək imkanına malik olmaq üçün nazirlər kabinetindəki yerlərin, daxili işlər naziri vəzifəsi də daxil olmaqla, yarıya qədərini tutmağa çalışırdılar. Sosialistlər 'bitərəfləri "ən mürtəce ünsürlər" kimi qiymətləndirib, onların koalisiyaya daxil olunmasının əleyhinə çıxış edirdilər. Hümmət istisna olmaq Sosialistlər fraksiyasının digər üzvləri hökumətin tərkibinə daxil olmağa razılıq verdikdə 4-cü kabinədə Camo bəy Hacınski poçt və teleqraf naziri, Aslan bəy Səfıkürdski ədliyyə və əmək naziri oldu. 1919 ilin sentyabrında parlamentdə hökumətə etimad məsələsi qoyularkən sosialistlər fraksiyası qəti və açıq şəkildə hökumət etimad göstərmədiyini bildirdi. Yeni hökumət kabinəsinin formalaşdırılması prosesində sosialistlər, “İttihad” partiyası kimi, hökumətə daxil olmaq təklifıni rədd etsələr də, irəli sürdükləri tələblər (Denikinə qarşı mübarizə aparan dağlı xalqlarına fəal kömək göstərmək; qonşu respublikalar arasında bütün mübahisəli məsələləri həll etmək; fəhlə təşkilatlarının təqib edilməsini dayandırmaq və siyasi motivlərə görə həbs olunanları azad etmək; ölkədə mövcud olan qanunsuzluqların, özbaşınalıqların və siyasi hüquqlarının məhdudlaşdırılmasının qarşısını almaq; torpağın dərhal kəndlilərə verilməsini dekretləşdirmək, məsələ tam həll edilənə qədər bütün torpaq icarəsi müqavilələrini ləğv etmək və torpaqları kəndlilərdə saxlamaq; ərzaq məsələsini nizama salmaq üçün qəti tədbirlər görmək) yerinə yetiriləcəyi halda hökumətə daxil olmaq imkanını istisna etmirdilər. 1919 ilin dekabrında təşkil olunan yeni koalisyon hökumətin tərkibinə sosialistlərdən Əhməd bəy Pepinov (əmək və əkinçilik naziri), Camo bəy Hacınski (poçt və teleqraf naziri) daxil idilər. Əvvəlki iki kabinetdə olduğu kimi, sosialistlər fraksiyasının nümayəndələri sonuncu hökumət kabinetinin tərkibinə daxil edilsələr də, fraksiya hökumətə qarşı tənqidi mövqedə dayanmışdı.

1920-ci ilin yanvarında Sovet Rusiyasına münasibət məsələsi siyasi partiyalar arasında kəskin qütbləşmə yaratdıqda Aslan bəy Səfıkürdski sosialist fraksiyası adından xarici işlər naziri Fətəli xan Xoyskiyə Sovet Rusiyasının notasına hökumətin münasibəti barədə sorğu göndərdi. Sosialistlər G.V.Çiçerinin notasına müsbət cavab verilərək ADR hökumətinin Sovet Rusiyası ilə birləşərək Denikinə qarşı mübarizə aparmasının tərəfdarı idilər. 1920-ci ilin yazında bolşeviklərin Müsavat hökuməti əleyhinə qarşı apardığı fəaliyyətə görə hökumətin həyata keçirdiyi tədbirlər sosialistlərin etirazına səbəb oldu. Martın 20-də Ə.Pepinov parlamentin iclasında Fəhlə klubunun bağlanması və keçirilmiş həbslərlə bağlı ctiraz bəyanatı verdi. Onun bu bəyanatını təcili müzakirə etmək təklifi hökumət üzvlərinin əksəriyyəti tərəfindən rədd olundu. Parlamentin sonrakı iclasında Ə.Pepinov öz partiyasının qəranna əsasən, istefaya gctdiyini bildirdi və martın 23-də nazir səlahiyyətlərindən əl çəkdi. Ə.Pepinovun ardınca aprelin 9-da C.Hacınski də istefa verdi. Sosialistlərin və “İttihad” nümayəndələrinin getməsi hökumət böhranını kəskinləşdirdi. Sosialistlər fraksiyası radikal-sosialist hakimiyyət yaradılmasında təkid edirdi. Üç nazir vəzifəsi tələb edən fraksiya daxili işlər, xarici işlər və hərbi nazir vəzifələrinə C.Hacınski, A.Səfıkürdski və B.Rzayevin namizədliklərini irəli sürmüşdü. 1920-ci il aprelin 27-də parlamentdə hakimiyyəti kommunistlərə təhvil vermək barədə ultimatumun müzakirəsi zamanı sosialistlər hakimiyyətin təhvil verilməsinə tərəfdar olduqlarını bildirdilər. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2005:350,351).

 

Eser fraksiyası

Azərbaycan Demokratik Respublikasının mövcudluğu dövründə ölkədə fəaliyyət göstərən sol partiyalardan biri də Eser (Sosialist İnqilabçılar) partiyası idi. Eserlər özləri də iki fraksiya formasında (sağ eser və sol eser fraksiyalarında) təmsil olunurdular. 1918-ci ilin dekabrında fəaliyyətə başlayan Azərbaycan Parlamentinin işində iştirak məsələsini müzakirə edərkən eserlər Azərbaycanın öz müqəddəratını təyin etməsi ideyasını yalnız vahid Federativ Rusiya tərkibində mümkün sayırdılar. Eserlər parlamentə demokratik seçkilərin tərəfdarı olduqlarını bildirsələr də, bu seçkilərin əsası kimi milli təmsilçiliyi deyil, yalnız partiya prinsiplərini qəbul edirdilər. 

1919-cu il yanvarın 25-də parlament eser partiyası Bakı Komitəsinin ona 5 yer ayrılması haqqında xahişini müzakirə etdi. “Əhrar” fraksiyası və “bitərəflər” bu xahişi o şərtlə qəbul etdilər ki, onlar sosialist fraksiyasına daxil olsunlar, çünki bu yerlər milli azlıqlar üçün ayrılmışdır. Eserlər özlərini beynəlmiləlçi partiya hesab etdiklərindən heç bir milli komitəyə daxil olmamışdılar. Amma parlament partiya prinsipi ilə deyil, milli əsas üzrə yaradıldığı üçün qərara alında ki, milli azlıqlar hesabına eserlərə yer ayrılsın. Bununla belə, eserlər parlamentin fəaliyyətində iştirak etmədilər. (Azərbaycan tarixi 7 cilddə 5-ci cild, 2008:344). Yalnız azərbaycanlılardan ibarət sağ eserlərin “Xalqçı” partiyasının nümayəndələri parlamentdə təmsil olundular. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2004:317).

1918-20-ci illərdə eserlər Bakı Fəhlə Konfransı, fəhlə və dənizçilərin həmkarlar ittifaqları çərçivəsində fəaliyyət göstərirdilər. Eserlər öz mətbu orqanları "Znamya truda", "Nabat" və sair qəzetlərin səhifələrində Azərbaycan Hökumətinin daxili və xarici siyasətini açıq şəkildə tənqid edir, Rusiya ilə birləşmək ideyalarını yayırdılar. Bolşevik və menşeviklərlə yanaşı, eserlərin də daxil olduğu Bakı Fəhlə Konfransı 1919-20-ci illərdə söz və yığıncaq azadlığı, əmək haqqının artırılması, milli hökumətə etimadsızlıq göstərilməsi tələbləri ilə bir neçə ümumşəhər tətili keçirməyə müvəffəq oldular. Lakin 1919 ilin may tətili zamanı Bakı Fəhlə Konfransının eser və menşeviklərdən ibarət qrupu azərbaycanlı fəhlələrin milli hökumətlə həmrəyliyini və ingilis qoşunlarının da hakimiyyəti dəstəklədiyini görüb, tətilin və onun əsas təşkilatçısı olan bolşeviklərin əleyhinə çıxdı. Bu vaxtdan etibarən Bakı Fəhlə Konfransını öz əllərinə keçirmək uğrunda kəskin mübarizəyə başlayan bolşeviklər həm bu təşkilatda, həm də həmkarlar ittifaqlarında üstünlüyə nail oldular. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2004:317).

1919-cu ilin ortalarından etibarən isə eserlərin sol qanadı bolşeviklərlə yaxınlaşaraq onlarla ittifaq qurdu.  Sol Sosialist-İnqilabçılar partiyasının Azərbaycan təşkilatının başlanğıcı 1918-ci ilin noyabrına təsadüf edir. Bu partiya əsasən Bakı fəhlələri arasında,iş aparır və radikal sol taktika yürüdürdü. Azərbaycan sol eseri Rusiya sol eserindən milli məsələdə fərqlənir, Azərbaycan Respublikasının müstəqilliyinin tam tanınmasının, onun idarəçiliyinin azərbaycanlılardan təşkil edilməsinin tərəfdarı idilər. Bu partiyanın fəal üzvləri Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov və başqaları idi. Azərbaycanda sol eser partiyasının yaranma tarixi 1918-ci ilin noyabrından başlanır. (N. Agamaliyeva, R. Xudiyev, 1994:73,74). Əslində isə hələ ADR qurulmamışdan qabaq Mir Həsən Vəzirovun rəhbərlik etdiyi “Əkinçi” sol eser təşkilatı 1918-ci ilin mart ayından fəaliyyət göstərir və Mir Həsən Vəzirov da 1918-ci il aprelin 25-də yaradılmış Bakı Xalq Komissarları Sovetində (XKS) torpaq komissarı vəzifəsinə seçilmişdi. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2004:358).

Doğrudur, Azərbaycan sol eserlər partiyası və digər müsəlman sosialist partiyaları geniş müsəlman zəhmətkeş kütlələri içərisində böyük nüfuza malik deyildilər, çünki Fevral inqilabının başlanmasından 1919-cu ilə qədər olan dövrdə azərbaycanlı əhali içərisində dərin siyasi ayrılıq nəzərə çarpmırdı.  

1919-cu ilin noyabrında Bakıda “Xalqçı” müsəlman eserlər partiyasının Mərkəzi Komitəsi tam formalaşana qədər bu partiya qrupunun nümayəndələri müsəlman eser təşkilatına daxil idilər. “Xalqçı” Partiyası əsasən ziyalılardan ibarət idi. Onun, demək olar ki, bütün nümayəndələri ali və ya orta təhsil almışdı, sədri isə A. Səfikürdski idi. 1919-cu ilin sonu - 1920-ci ilin əvvəllərində "Xalqçı" artıq müstəqil partiya kimi fəaliyyət göstərirdi və Müsəlman Sosialist Blokunun üzvü hüququnda parlamentə daxil idi. Partiya, demək olar ki, bütün məsələlərdə “Müsavat”a qarşı tənqidlə çıxış edirdi. Buna görə də bütövlükdə Müsəlman Sosialistlər Bloku hökumətin tərkibində qaldığı halda, “Xalqçı” partiyasının üzvləri N.Yusifbəylinin başçılıq etdiyi kabinetə daxil olmadı. “Xalqçı” kommunistlərlə heç bir əlaqə saxlamırdı.  (N. Agamaliyeva, R. Xudiyev, 1994:73,74).

Son nəticədə sol eserlər 1920-ci ilin fevralında Azərbaycan Kommunist partiyasının əsasını qoyaraq 1920-ci il aprelin 27-də hakimiyyətin 12 saat ərzində bolşevik fraksiyasına təslim edilməsi barədə ultimatium verdilər və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında rol alan fraksiyalardan biri oldular.
 

Hümmət fraksiyası

Azərbaycan Demokratik Respublikasının parlamentində təmsil olunan və Azərbaycan solunda əhəmiyyətli rol alan partiyalardan biri də Hümmət partiyası idi. 1917-ci ilin iyulun sonunda Hümmət təşkilatı parçalandı. Sol qanadı təşkil edən "hümmət"çilər bolşeviklərlə sıx əlaqədə işləyirdilər, sağ qanad isə menşevikyönümlü "hümmət"çilərdən ibarət idi. Onlar sosial-demokrat menşevik Tiflis "Hümmət"i ilə və onun liderləri olan İbrahim Əbilov, Səməd ağa Ağamalıoğlu, Əhməd Pepinov və b. ilə əməkdaşlıq edirdilər. Tiflis hümmətçiləri 1918 ilin ikinci yarısında Bakıya köçdükdən sonra Azərbaycan Parlamentinin sosialist fraksiyasını təşkil etmişdilər. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2004:462).

1918-ci ilin iyulunda Bakı kommunasının süqutundan sonra, Hümmət təşkilatının bolşevik qanadının bütün rəhbərləri-Nəriman Nərimanov, Sultan Məcid Əfəndiyev, Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Ayna Sultanova, Mustafa Quliyev və başqaları Rusiyaya getdilər. (Baberovski, 2003:188).  Hümmətçilərin Rusiyaya gedən Nəriman Nərimanovun rəəhbərlik etdiyi bolşevik qanadı 1919-cu ilin iyulun 19-da Azərbaycanın müstəqilliyi məsələsini Zaqafqaziya Polibürosunda gündəliyə gətirildi və 1919-cu ilin iyulun 19-da Nərimanov rəhbərlik edəcəyi Sovet Azərbaycanının müstəqilliyi RSFSR tərəfindən tanındı. (Svetoxovski, 2003:233). Bakıda Hümmətin bolşevik qanadının yalnız çox kiçik hissəsi qaldı. Bunlar Haşım Əliyev, Yusif Məlikov, Əbdül Bağı Məmmədzadə idi. Onlar sonralar “Hümmət”in menşevik qanadının üzvləri olan İbrahim ağa Əbilov, Əhməd bəy Pepinov, Əliheydər Qarayev, Səməd ağa Ağamalı oğlu ilə birləşərək müsəlman kütlələr arasında təbliğat aparmağa başladılar. (N. Agamaliyeva, R. Xudiyev, 1994: 75).  Lakin 1919-cu ilin yayında bolşeviklərin Bakı komitəsinin “Hümməti Rusiya Kommunist (bolşeviklər) Partiyasına (RK(b)P) birləşdirmək niyyəti məlum olduqdan sonra menşevik “hümmət”çilər təşkilatdan çıxdılar. Bolşevik “hümmət”çilər R.Axundovun rəhbərlik etdiyi azərbaycanlı sol eserlərlə birləşməyə də meyl göstərirdilər. Lakin bu cəhdlər uğursuzluqla nəticələndi. Bolşevik “hümmət”çilər RK(b)P-nin Qafqaz Diyar Komitəsinin və RK(b)P Bakı Komitəsinin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının yaradılması məsələsini dəstəklədilər. 1919-cu ilin yayından etibarən bu istiqamətdə fəal iş aparıldı. 1920 il fevralın 8-də bolşevik “Hümmət”in, “Ədalət” partiyasının və RK(b)P Bakı Komitəsinin birgə iclasında Azərbaycan kommunist təşkilatlarının təsis qurultayının keçirilməsi haqqında qərar qəbul olundu. Azərbaycan kommunist təşkilatlarının (RK(b)P Bakı Komitəsi, "Hümmət”, "Ədalət") fevralın 11-12-də keçirilən 1-ci qurultayında bu təşkilatlar birləşərək, M.D.Hüseynovun sədrliyi ilə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının (AK(b)P) yaradılması haqqında qərar qəbul etdilər. Bu vaxtdan etibarən  "Hümmət" təşkilatının bolşevik qanadının müstəqil fəaliyyətinə son qoyuldu. Parlamentdə yalnız S.Ağamalıoğlunun rəhbərlik etdiyi menşevik "Hümmət" fraksiyası fəaliyyət göstərirdi. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2004:462). Son nəticədə Azərbaycan Kommunist partiyasının yaradılmasında rol alan Hümmətin bolşevik qanadı 1920-ci ilin aprelin 27-də ADR parlamentinə hakimiyyətin 12 saat ərzində bolşevik fraksiyasına təslim edilməsi barədə ultimatium verdilər. Hümmətin menşevik fraksiyası da hakimiyyətin bolşeviklərə təhvil verilməsini dəstəkləyən fraksiyalardan biri oldu.

 

Müsavatın sol fraksiyası (ADR dövrü)


İqtidarda olan Müsavat partiyası da sol və sağ fraksiyalara bölünürdü. Müsavatın sol qanadının əsas fəaliyyətində hökumətin daxili və xarici siyasətinin tənqidi əsas yer tuturdu.  Müsavatın sol qanadı haqqında ətraflı “Azərbaycan Cümhuriyyəti dövründə Müsavat partiyasının sol qanadı” yazısında oxuya bilərsiniz.

Müsavatın sol qanadı hökuməti əsas aqrar məsələ və işsizlik problemi kimi əsas mövzularda tənqid edirdi. Xüsusilə aqrar məsələ ilə bağlı fikir ayrılığı daha da dərinləşirdi.  1919-cu ilin sentyabrın 2-də Qazax mahalında hökumətin torpaq siyasəti ilə bağlı I kəndli qurultayı keçirildi. Müsavatçılar bu qurultaya gəlmədilər. Ancaq 1919-cu il 2-11 dekabr tarixlərində müsavatçıların hökumətin torpaq siyasəti ilə bağlı II qurultayı keçirildi. Məmməd Əmin Rəsulzadə qurultayda çıxış edərək aqrar məsələni hələlik həll etməyin mümkün olmadığını, lakin hökumətin parlamentə bununla bağlı geniş səlahiyyətlər verdiyini qeyd edir. Müsavatın sol qanadının üzvü Mirzə Bala Məmmədzadə isə əsasən müsavatçılardan ibarət olan hökumətin bəylərlə kəndlilər arasındakı münaqişəni həll edəcəyi ilə bağlı vədinə əməl etmədiyini və kəndlilərdən vergi yığılmasının dayadırılması təklifi ilə çıxış etdi. Müsavatın sol qanadının hökuməti tənqid etdiyi digər məsələ də ölkədəki işsizlik ilə bağlı yaranan problem idi. İşsizlik mövzusuna toxunan Məmməd Əmin Rəsulzadə partiyanın müəssisələrin milliləşdirilməsini dəstəkləmədiyini və partiyanın fəhlə və kəndlilərin iş şəraiti ilə bağlı mümkün olan hər şeyi etdiyini qeyd etdi. Bu çıxış qurultayda qızğın müzakirələrə səbəb oldu. Müsavat partiyasının üzvü olan məşhur azərbaycanlı dramaturq Cəfər Cabbarlının qurultayda çıxışı isə bu sözlərlə yadda qaldı: “Hökumətin xalqın siyasi problemlərindən əlavə iqtisadi məsələlərinin həll etmək öhdəliyi də var idi. Azərbaycanda hakimiyyəti ələ alan partiyamız verdiyi öhdəliklərini unutdu.” (N. Agamaliyeva, R. Xudiyev, 1994:66-68).

Bolşeviklərin ölkədə aktiv fəaliyyəti Müsavatın özündə də parçalanmağa gətirib çıxardı. Yaranan hökumət böhranları Müsavatın sol qanadının güclənməsinə və ADR-in Sovet Rusiyası ilə yaxınlaşma ilə bağlı tərəfdarların sayının artmasına gətirib çıxardı. (Mustafazade, 2006:61). Xüsusilə Müsavatın sol fraksiyasının üzvü Məhəmməd Həsən Hacınski və bitərəf Behbud xan Cavanşir Sovet Rusiyası ilə dostluq münasibətlərinin qurulmasının tərəfdarları idilər. 1920-ci il martın 30-da hökumət istefa verdikdə, ADR parlamenti yeni hökumətin təşkilini Hacınskiyə tapşırdı. O, bir müddət parlamentdə fəaliyyət göstərən partiya və fraksiya nümayəndələri ilə danışıqlar apardı, hətta bolşeviklərlə də görüşdü və onlara öz hökumətində nazir vəzifələri də təklif etdi. Bolşeviklərdən müsbət cavab almayan Hacınski aprelin 22-də yeni hökumət təşkil etməyin mümkün olmadığını, parlamentin sədrini əvəz edən Məmməd Yusif Cəfərova bildirmiş, həmçinin “Müsavat”partiyasından çıxdığını və bolşeviklər partiyasına daxil olduğunu bəyan etmişdi. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2004:444).

Hökumət böhranları bolşeviklərin hakimiyyətə gəlməsini asanlaşdırırdı və 1920-ci il aprelin 27-də hakimiyyətin bolşeviklərə verilməsi məsələsi gündəliyə çıxarılarkən Rəsulzadənin etirazına baxmayaraq Müsavat partiyası çoxluğun fikrinə qoşulmalı oldu. (Agamaliyeva, 1998:265,266). Azərbaycan SSR qurulduqdan sonra Müsavatın sol qanadı sağ qanadından ayrıldı və 1923-cü ilin avqustuna qədər fəaliyyət göstərdi.

 

Nəticə

Ümumi nəticəyə gəlsək sol partiyalarıın  ADR-in həyatında önəmli rol oynadığını qeyd edə bilərik. Ümumilikdə Azərbaycanın sosialist tarixində XX əsrin əvvəllərindəki kimi ADR zamanında da əsas rolu Hümmət partiyası oynayırdı. Hümmətin bolşevik qanadının böyük hissəsi Bakı kommunasının süqutundan sonra Həştərxana getdi və Azərbaycanın Sovet modelində tanınması üçün mübarizə apardı. Bolşeviklərin yalnız çox az hissəsi Bakıda qaldı. Ancaq onlar menşevik fraksiyası ilə birləşərək Bakı fəhlələri arasında və Müsavat hökuməti əleyhinə agitasiyalar apardı. 1920-ci ilin aprelində sol patiyaların hakimiyyətin bolşeviklərə verilməsinə tərəfdar olması dövrün ictimai-siyasi və sosial-iqtisadi vəziyyətinin son dərəcə mürəkkəbliyindən irəli gəlirdi. Ölkədə 2 il ərzində hakimiyyətin əsasən sağçılarda olması ADR hökumətinin aqrar məsələni və işsizlik problemini həll etməsinə imkan verməmişdi. Xüsusilə iqtidarda olan Müsavatın sol qanadının torpaqların kəndlilərə verilməsi və işsizlik problemi ilə bağlı təkliflərinin qəbul olunmaması hökumətin ingilis komandanlığının razılığı ilə sağçı fraksiyalardan təşkil olunmasından irəli gəlirdi. Məhz bütün bu sadalanan problemlərin nəticəsi bolşeviklərin ölkədə agitasiyasının güclü təsir göstərməsinə, ölkədə bolşeviklərin tərəfdarlarının sayının artmasına,  1920-ci ilin əvvələrində ADR hökumətində kabinet böhranlarının yaşanmasına səbəb olmuş və bolşeviklərin hakimiyyətə gəlməsini asanlaşdırmışdı. Əgər iki il ərzində hökumətin təşkili sağçı yox, sol fraksiyaların əlində olsa idi, ölkədə aqrar məsələ öz həllini tapar, işsizlik problemi həll olunar, ADR hökuməti Sovet Rusiyasına verdiyi müəyyən güzəştlərlə Sovet Rusiyası ADR-in müstəqilliyini tanıya bilərdi. Lakin sol fraksiyaların 1919-cu ilin ortalarına qədər hökumətin qurulmasında çox zəif və ümumiyyətlə iştirak etməməsi ADR-in Sovet Rusiyası ilə münasibətlərinin vaxtında qurmasına imkan vermədi. Nəticədə 1919-cu ilin iyulun 19-da Nəriman Nərimanovun rəhbərlik edəcəyi Sovet Azərbaycanının müstəqilliyi RSFSR tərəfindən tanındı. 2 il ərzində hökumətə təsiri güclü olmasa da, sol fraksiyalar Azərbaycanın Sovet modeli əsasında hüquqi olaraq bir dövlət kimi qurulmasında yaxından iştirak etmişdilər.


 

İstifadə olunan ədəbiyyatlar

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. (2005). II cild.

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. (2004). I cild.

Azərbaycan tarixi. (2008). 7 cilddə 5-ci cild.

Н.Агамалиева, Р.Худиев. (1994). Азербайджанская Республи­ка. Страницы политической истории 1918-1920 гг.

Baberovski, Y.(2003). Düşmən hər yerdədir. Stalinizm Qafqazda.

Svetoxovski, T. (2022). Rusiya Azərbaycan, 1905-1920. Müsəlman cəmiyyətində milli kimliyin formalaşması.

Мустафа-заде, Р. (2006). Две республики: азербайджано-российские отношения в 1918-1922 гг.

Агамалиева, Н.  (1998). Азербайджанская Демократическая Республика (1918-1920).

 

Paylaş:

671
2